Toyuq salatları həm gündəlik, həm də bayram süfrələri üçün ən çox seçilən yeməklərdən biridir. Bu salatlar həm dadlı, həm də qida dəyəri baxımından olduqca faydalıdır. Toyuq əti az yağlı olması ilə seçilir və orqanizm tərəfindən asan mənimsənilən zülal mənbəyidir. Eyni zamanda allergiya riski aşağı olduğu üçün müxtəlif yaş qrupları üçün uyğundur. Foodinfo.az Deztop saytına istinadla xəbər verir ki, ən məşhur və asan hazırlanan 5 toyuq salatı variantı təqdim olunub. Bu reseptlər mətbəxdə vaxt itirmədən dadlı nəticə əldə etmək istəyənlər üçün ideal hesab olunur.
Birinci salat toyuq və suxariklərlə hazırlanır. Bunun üçün qaynadılmış toyuq filesi kub şəklində doğranır, sarımsaqlı yağda qızardılmış çörək tikələri ilə qarışdırılır. Üzərinə rəndələnmiş pendir və yarıya bölünmüş çerri pomidorları əlavə edilir. Salat yarpaqları ilə birlikdə təqdim olunur və sousla tamamlanır. Bu salat xırtıldayan teksturası ilə seçilir.
İkinci variant toyuq və göbələk salatıdır. Qızardılmış şampinyon və soğan əsas dadı formalaşdırır. Qaynadılmış kartof, yumurta və pendir qat-qat düzülərək hazırlanır. Hər qat mayonezlə tamamlanır və nəticədə doyumlu və zəngin dadlı salat əldə olunur. Bu resept xüsusilə qonaqlıq süfrələri üçün uyğundur.
Üçüncü salat toyuq və qarğıdalı ilə hazırlanır. Burada toyuq filesi, konservləşdirilmiş ananas və qarğıdalı birlikdə istifadə olunur. Qaynadılmış yumurta və pendir əlavə edilərək salat daha da zənginləşdirilir. Mayonez və ya yoqurtla qarışdırıldıqdan sonra soyuducuda bir qədər saxlanılması tövsiyə olunur. Bu salat şirin və duzlu dadların harmoniyası ilə fərqlənir.
Dördüncü resept toyuq və ananas salatıdır. Bu salatda toyuq əti, yumurta, ananas, qarğıdalı və pendir birlikdə doğranaraq mayonezlə qarışdırılır. Üzüm əlavə olunması isə salata fərqli və maraqlı dad qatır. Bu variant daha çox qeyri-adi dad sevənlər üçün uyğundur.
Beşinci və son salat isə hisə verilmiş toyuq və tərəvəzlərlə hazırlanır. Pomidor, xiyar və avokado ilə birlikdə istifadə olunan toyuq xüsusi sousla qat-qat düzülür. Sarımsaqlı pendir və suxariklər əlavə edilərək yeməyə həm xırtıldayanlıq, həm də zəngin aroma verilir. Bu salat həm yüngül, həm də qidalı olması ilə seçilir və sağlam qidalanma üçün yaxşı seçim hesab olunur.






