Sağlam və möhkəm sümüklər üçün düzgün qidalanma mühüm rol oynayır. Xüsusilə kalsium və D vitamini ilə zəngin qidaların gündəlik rasiona daxil edilməsi sümük sağlamlığını qorumağa kömək edir.
Foodinfo.az xəbər verir ki, süd və süd məhsulları bu baxımdan ən vacib qidalar hesab olunur. Süd, qatıq və pendir yüksək kalsium tərkibi ilə sümük toxumasını gücləndirir və onların möhkəmliyini artırır.
Bununla yanaşı, ispanaq, brokoli və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər də kalsiumla zəngindir və sümük sağlamlığına müsbət təsir göstərir. Qoz-fındıq növləri, xüsusilə badam, tərkibindəki maqnezium və digər faydalı maddələrlə sümük sıxlığını artırmağa kömək edir.
Balıq məhsulları – somon və sardina isə D vitamini ilə zəngin olduğu üçün kalsiumun bədəndə daha yaxşı mənimsənilməsini təmin edir. Yumurta da D vitamini mənbəyi kimi sümüklərin güclənməsinə dəstək olur.
Düzgün qidalanma ilə yanaşı, aktiv həyat tərzi və günəş işığından kifayət qədər yararlanmaq da sümük sağlamlığının qorunmasında vacib rol oynayır.






