Düzgün su qəbulu sağlam həyat tərzinin əsas elementlərindən biri hesab olunur. Gün ərzində orqanizm müxtəlif yollarla maye itirir və bu balansın qorunması vacibdir. Lakin axşam saatlarında su içməyin yuxuya təsiri barədə fikirlər birmənalı deyil. Foodinfo.az Kleo saytına istinadla xəbər verir ki, yatmazdan əvvəl su içmək həm faydalı, həm də bəzi hallarda narahatlıq yarada bilər. Bu səbəbdən mütəxəssislər düzgün vaxt və miqdara diqqət yetirməyi tövsiyə edirlər.
Araşdırmalara görə, orqanizmdə maye çatışmazlığı yuxunun keyfiyyətini pisləşdirə bilər. Kifayət qədər su qəbul edən insanlarda yuxu daha dərin və rahat olur. Eyni zamanda su bədən temperaturunun tənzimlənməsinə kömək edir və bu da gecə istirahətini yaxşılaşdırır. Lakin yatmazdan dərhal əvvəl çox su içmək sidiyə getmək ehtiyacını artıraraq yuxunun tez-tez bölünməsinə səbəb ola bilər. Bu isə xüsusilə həssas yuxuya malik insanlar üçün problem yaradır.
Mütəxəssislər bildirir ki, suyun yuxuya dolayı təsirlərindən biri də əzələ vəziyyəti ilə bağlıdır. Orqanizmdə maye az olduqda gecə qıcolmaları və əzələ gərginliyi daha çox müşahidə olunur. Bu baxımdan, axşam saatlarında müəyyən miqdarda su qəbul etmək faydalı ola bilər. Bundan əlavə, su dərinin nəmlənməsinə dəstək verir və ümumi metabolizmi yaxşılaşdırır. Bu isə səhər daha gümrah oyanmağa kömək edir.
Həkimlərin fikrincə, yatmazdan əvvəl təxminən 200–300 ml, yəni 1–1,5 stəkan su içmək optimal hesab olunur. Bunun da ən azı 30–60 dəqiqə əvvəl qəbul edilməsi tövsiyə edilir. Eyni zamanda qazlı, kofeinli və şəkərli içkilərdən uzaq durmaq lazımdır, çünki onlar yuxu ritmini poza bilər. Ən yaxşı seçim adi su və ya sakitləşdirici təsiri olan bitki çaylarıdır.
Bəzi hallarda insanlar axşam su içdikdən sonra şişkinlik müşahidə edə bilər. Lakin mütəxəssislər qeyd edir ki, bu daha çox gün ərzində qeyri-düzgün su balansı ilə bağlı olur. Orqanizm kifayət qədər su almadıqda onu ehtiyat kimi saxlayır. Bu səbəbdən suyun gün boyu bərabər paylanması vacibdir. Ümumilikdə isə düzgün miqdarda və vaxtında qəbul edilən su həm sağlamlıq, həm də keyfiyyətli yuxu üçün mühüm rol oynayır.






