Diş və diş əti problemləri ən çox rast gəlinən sağlamlıq narahatlıqları sırasında yer alır. Lakin gündəlik həyat tərzində edilən bəzi sadə dəyişikliklər dişləri uzun müddət sağlam saxlamağa kömək edə bilər.

Foodinfo.az xəbər verir ki, dişləri gündə ən azı iki dəfə flüorlu diş məcunu ilə fırçalamaq diş çürüməsinin qarşısını almaqda əsas addımdır. Axşam fırçalama isə xüsusilə vacib hesab olunur, çünki gün ərzində yığılan bakteriyalar gecə saatlarında daha aktiv olur.

Diş ipindən müntəzəm istifadənin vacib hesab olunur. Dişlərin arasında qalan qida qalıqları vaxtında təmizlənmədikdə diş əti iltihabına və pis ağız qoxusuna səbəb ola bilər.

Şəkərli qidaların və qazlı içkilərin həddindən artıq qəbulu diş minasını zəiflədir. Şəkər ağız boşluğunda turşu əmələ gətirərək dişlərin qoruyucu qatına zərər verir. Bu səbəbdən mütəxəssislər şirniyyatların məhdudlaşdırılmasını tövsiyə edirlər.

Düzgün qidalanma da diş sağlamlığında mühüm rol oynayır. Kalsium, fosfor və vitaminlərlə zəngin qidalar dişləri möhkəmləndirir, lifli meyvə və tərəvəzlər isə ağız boşluğunun təmizlənməsinə kömək edir.

Stomatoloqlar həmçinin su içməyin əhəmiyyətinə diqqət çəkirlər. Su tüpürcək ifrazını artıraraq ağız boşluğunda yaranan turşuları neytrallaşdırır və bakteriyaların çoxalmasının qarşısını alır.

Mütəmadi olaraq, ən azı 6 ayda bir diş həkiminə müraciət etmək diş problemlərinin erkən mərhələdə aşkarlanmasına və daha ciddi fəsadların qarşısının alınmasına imkan yaradır.