Soyuq aylarda sağlamlığı qorumağın yollarından biri də səhər gimnastikasıdır. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, bərpaedici tibb üzrə təlimatçı Kirill Antonov qışda səhər idmanının orqanizm üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu dövrdə insanların fiziki aktivliyi azalır, maddələr mübadiləsi ləngiyir, immunitet isə zəifləməyə meyilli olur. Mütəmadi olaraq səhər hərəkət etmək qan dövranını sürətləndirir, bədəni gecə yuxusundan sonra “oyadır” və günə enerjili başlamağa yardım edir.

Mütəxəssis qeyd edib ki, qışda enerji sərfi daha çox olur, çünki orqanizm istiliyi qorumağa əlavə güc xərcləyir. Bu isə yüngül fiziki hərəkətlərin metabolik təsirini artırır. Antonovun sözlərinə görə, soyuq mövsümdə əzələlər və oynaqlar daha tez sərtləşir, buna görə səhər idmanı onları isinməyə, gün ərzində gərginlik və zədələnmə riskini azaltmağa kömək edir. Sadə, lakin ritmik hərəkətlər beyin fəaliyyətini aktivləşdirir, endorfinlərin ifrazını yüksəldir və əhvali-ruhiyyəni yaxşılaşdırır.

Ekspert əlavə edib ki, belə məşqlər limfa axınının yaxşılaşması və tənəffüs sisteminin güclənməsi hesabına immunitetin möhkəmlənməsində də mühüm rol oynayır. O, qışda açıq havada idman edərkən ehtiyatlı olmağı tövsiyə edib — xüsusilə hava –15 dərəcədən aşağı olduqda ürək-damar və tənəffüs xəstəlikləri olan insanlar üçün risk yarana bilər. Bu halda ev şəraitində qısa gündəlik məşqlər daha təhlükəsiz və faydalıdır.