Qidalanma mütəxəssisləri xəbərdarlıq edirlər ki, kahı və digər yarpaqlı tərəvəzlər pestisid qalığı baxımından ən riskli qidalar sırasındadır. Bu kimyəvi maddələr uzunmüddətli istifadə zamanı hormonal pozğunluqlara, qaraciyər zədələnməsinə və allergik reaksiyalara səbəb ola bilər. Lakin sadə üsullarla bu zərərli maddələri tərəvəzdən asanlıqla uzaqlaşdırmaq mümkündür.
Foodinfo.az bu üsullardan bəzilərini təqdim edir:
1. Duzlu su üsulu
Kahını pestisidlərdən təmizləməyin ən təsirli yollarından biri onu duzlu suda islatmaqdır.
Bunun üçün 1 litr suya 1 xörək qaşığı duz əlavə olunur və kahı yarpaqları bu məhlulda 10–15 dəqiqə saxlanılır. Ardınca bol axar suda yuyulur. Bu üsul həm kimyəvi qalıqları, həm də mikrobları azaldır.
2. Sirkəli su ilə yumaq
Təbii alma və ya üzüm sirkəsi pestisidlərin parçalanmasına kömək edir. 1 litr suya 2 xörək qaşığı sirkə əlavə edib kahını onun içində 10 dəqiqə saxlamaq lazımdır, sonra təmiz su ilə yumaq kifayətdir.
3. Sodalı su ilə təmizləmə
Pestisidlərə qarşı başqa bir effektiv üsul da soda məhluludur. 1 litr suya 1 çay qaşığı soda əlavə edilib kahı 5–10 dəqiqə saxlandıqdan sonra bol suda yuyulmalıdır.
4. Axar su ilə son yuma vacibdir
İstənilən məhluldan sonra kahının axar suda ən az 30 saniyə yuyulması tövsiyə olunur ki, həm pestisid, həm də məhlul qalığı tam təmizlənsin.
Üzvi şəkildə yetişdirilmiş kahı daha az kimyəvi qalıq daşıyır, lakin yenə də yuyulmadan istehlak edilməməlidir.
Beləliklə, duz, sirkə və soda məhlulları ilə kahını təmizləmək sadə, ucuz və sağlamlığın qorunması üçün ən təsirli üsullardan biri sayılır.






