Soyuq havalarda orqanizmi möhkəmləndirmək üçün ən çox müraciət edilən içkilərdən biri atom çayıdır. Adını tərkibindəki güclü təbii maddələrin “enerji bombası” təsirindən alan bu çay, həm soyuqdəyməyə qarşı qoruyucu, həm də bədəni istiləndirici xüsusiyyətləri ilə tanınır.

Foodinfo.az xəbər verir ki, atom çayı adətən zəncəfil, bal, limon, mixək, darçın, qara istiot, qaysı, qoz, qara çay və bəzən qəhvə dənələri kimi maddələrin qarışığından hazırlanır. Bəzi reseptlərdə zirə və nanə də əlavə olunur.

Bəs, bu çayın faydaları nələrdir?

1. İmmuniteti gücləndirir: Zəncəfil, bal və limonun enerjisi bədəni virus və bakteriyalardan qoruyur.

2. Soyuqdəymə və öskürəyə qarşı təsirli vasitədir: Atom çayı tənəffüs yollarını açır, boğaz ağrısını azaldır və öskürəyi yüngülləşdirir.

3. Bədəni istiləndirir: Darçın və qara istiot qan dövranını sürətləndirərək soyuq havalarda orqanizmin istiliyini qoruyur.

4. Enerji verir: Təbii şəkərlər və ədviyyatlar sinir sistemini aktivləşdirir, yorğunluğu aradan qaldırır.

5. Həzm sistemini tənzimləyir: Zəncəfil və darçın həzm prosesini asanlaşdırır, qaz və şişkinliyi azaldır.

Bir stəkan qaynar suya yarım çay qaşığı zəncəfil, bir dilim limon, bir çimdik darçın, bir mixək və bir az bal əlavə olunur. Qarışım 5–7 dəqiqə dəmləndikdən sonra içilir.

Hipertoniya, hamiləlik və mədə qıcıqlanması olan şəxslər atom çayını ehtiyatla qəbul etməlidirlər, çünki ədviyyatlar qan təzyiqini və mədə turşuluğunu artıra bilər.

Atom çayı payız və qış mövsümündə immunitetin təbii qoruyucusu kimi qəbul edilə bilər, lakin onu gündə bir-iki fincandan artıq içmək tövsiyə edilmir.