Arıqlamaq istəyənlər arasında “ac qalma pəhrizi”nə müraciət edənlərin sayı artıb. Lakin dietoloqlar bu üsulun sağlam və davamlı nəticə vermədiyini bildirirlər.

Foodinfo.az xəbər verir ki, uzun müddət qida qəbul etməmək bədəndə maddələr mübadiləsinin yavaşlamasına səbəb ola bilər. Bu zaman orqanizm enerji qənaət rejiminə keçərək daha az kalori sərf edir ki, bu da arıqlama prosesini ləngidə bilər.

Ac qalmaq qısa müddətdə çəki itkisi yaratsa da, bu çox zaman su və əzələ itkisi hesabına baş verir. Bundan əlavə, uzun müddət qidasız qalmaq halsızlıq, diqqət azalması və sonradan həddindən artıq yemək kimi problemlərə yol aça bilər.

Sağlam arıqlama üçün balanslı qidalanmanın, kifayət qədər su qəbulunun və fiziki aktivliyin əsas şərt olduğu vurğulanır.

Davamlı nəticə üçün sərt pəhrizlərdən çox sağlam vərdişlərin formalaşdırılması daha önəmlidir.