Orqanizmin zülal ehtiyacını ödəmək üçün yalnız ət yeməyə ehtiyac yoxdur. Zülal insan sağlamlığı üçün vacib olsa da, bu qida maddəsi həm heyvani, həm də bitki mənşəli bir çox məhsulda mövcuddur.

Foodinfo.az xəbər verir ki, təkcə ətə üstünlük vermək bəzi hallarda yağ və xolesterin qəbulunun artmasına səbəb olur. Halbuki düzgün balans qurulduqda ət yemədən də gündəlik zülal ehtiyacını qarşılamaq mümkündür.

Yumurta, süd və süd məhsulları, balıq kimi heyvani qidalar zülalla zəngindir və ətə alternativ hesab olunur. Bununla yanaşı, noxud, mərcimək, lobya, soya məhsulları, qoz-fındıq və toxumlar da bitki mənşəli güclü zülal mənbələridir.

Bitki mənşəli zülallar tərkibində lif, vitamin və minerallar daşıdığı üçün həm həzm sisteminə, həm də ürək-damar sağlamlığına müsbət təsir göstərir.

Əsas məsələ zülalın mənbəyi deyil, balanslı şəkildə qəbul edilməsidir. Uşaqlar, böyüklər və yaşlılar üçün zülal ehtiyacı fərqli olsa da, müxtəlif qidalarla bu ehtiyac təhlükəsiz şəkildə ödənə bilər.

Zülal üçün yalnız ət yemək nə məcburidir, nə də vacib. Düzgün seçilmiş alternativ qidalarla sağlam və balanslı qidalanmaq mümkündür.