Mağazadan qarabaşaq alarkən çox vaxt onun növü haqqında düşünmürük və bu da bişirmə zamanı gözlənilməz nəticələrə səbəb olur. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, nutrisoloq və feldşer-akuşer Natalya Çayevskayanın sözlərinə görə, qarabaşaq müxtəlif formalarda olur və bu fərqlər həm dadına, həm də faydasına birbaşa təsir edir. Qarabaşaq vitaminlər, minerallar, bitki zülalı və liflə zəngin olduğu üçün sağlam qidalanmada mühüm yer tutur. Bu dənli məhsul qan şəkərinin səviyyəsini tarazlamağa, ürək-damar sistemini möhkəmləndirməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Tərkibində qlüten olmadığı üçün həssaslığı olan insanlar üçün də uyğun hesab olunur. Eyni zamanda, qarabaşaq qanazlığı zamanı faydalı sayılır, dəri, saç və dırnaqların vəziyyətinə müsbət təsir göstərir.
Qarabaşaq əsasən iki formada olur: bütöv dənli və xırdalanmış. Bütöv dənli qarabaşaq daha uzun müddətə bişir, lakin dənələri dağılmır və ətirli olur. Bu növ əsasən plov, qarnir və salatlar üçün seçilir. Xırdalanmış qarabaşaq isə daha tez hazır olur və sıyıq formasında daha yumşaq alınır. Adətən sürətli səhər yeməkləri üçün istifadə edilir. Bundan başqa, qarabaşaq buxarda işlənmiş və işlənməmiş formada da satılır. Buxarda işlənmiş qarabaşaq tünd rəngli olur, tez bişir və gündəlik istifadə üçün rahatdır. Lakin bu proses zamanı faydalı maddələrin bir hissəsi itə bilər.
İşlənməmiş, yəni yaşıl qarabaşaq isə istilik təsirinə məruz qalmadığı üçün vitamin və mineralları daha çox saxlayır. Dadı bir qədər acımtıl olur və bişirməzdən əvvəl adətən isladılır. Bu səbəbdən yaşıl qarabaşaq daha çox pəhriz və sağlam qidalanmaya üstünlük verənlər tərəfindən seçilir. Qəhvəyi qarabaşaq isə buxarda işlənmiş və ya qovrulmuş olur, daha yumşaq dadı var və tez bişir. Lakin emal prosesi faydalı xüsusiyyətlərin müəyyən qədər azalmasına səbəb ola bilər.
Mütəxəssislər qarabaşaq alarkən qablaşdırmaya diqqət yetirməyi tövsiyə edirlər. Paket möhkəm bağlı olmalı, dənələr təmiz, eyni ölçüdə və eyni rəngdə görünməlidir. İstehsal tarixi və saxlanma müddəti də vacib amillər sırasındadır. Keyfiyyətli qarabaşaq xoş qoxulu olur və tərkibində yad qarışıqlar olmur. Düzgün seçim edildikdə isə həm dadlı, həm də sağlam yemək hazırlamaq mümkündür.






