Dəniz kələmi kimi tanınan laminariya Şərqi Asiya ölkələrində və Avropanın sahilyanı bölgələrində uzun illərdir qida rasionunda istifadə olunur. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, laminariya aşağı kalorili olmasına baxmayaraq, tərkibində çoxlu faydalı maddələr topladığı üçün funksional qida məhsulu hesab edilir. Xüsusilə üzvi formada olan yodun zəngin mənbəyi kimi seçilən dəniz kələmi qalxanabənzər vəzin normal fəaliyyəti üçün mühüm rol oynayır. Bu mineral hormonların sintezində iştirak edərək maddələr mübadiləsinin sürətini, ürək-damar və sinir sisteminin işini tənzimləyir.

Dəniz kələminin tərkibində C, B qrupu və E vitaminləri mövcuddur ki, bu maddələr orqanizmin enerji balansının qorunmasına, hüceyrələrin oksidləşdirici stresdən müdafiəsinə kömək edir. Kalium, kalsium, maqnezium, dəmir və sink kimi minerallar isə ürək fəaliyyətinin dəstəklənməsində, sümüklərin möhkəmlənməsində və qanın tərkibinin yaxşılaşmasında iştirak edir. Mütəxəssislər qeyd edirlər ki, laminariyada olan yod qeyri-üzvi mənbələrlə müqayisədə daha yumşaq mənimsənilir və bu da onun üstünlüklərindən biridir.

Bu məhsul eyni zamanda liflə zəngindir. Tərkibindəki alginatlar və digər bioloji fəal maddələr bağırsaq fəaliyyətini tənzimləyir, faydalı mikrofloranın formalaşmasına şərait yaradır. Alginatlar ağır metalların orqanizmdən çıxarılmasına kömək edir və xolesterinin səviyyəsinin azalmasına təsir göstərə bilər. Dəniz kələminin müntəzəm qəbulu həzm sisteminin işini yüngülləşdirir və qaraciyərə düşən yükü azaldır.

Antioksidant təsiri sayəsində laminariya hüceyrələrin vaxtından əvvəl zədələnməsinin qarşısını alır, iltihabi proseslərin azalmasına kömək edir. Bu xüsusiyyətlər ürək-damar sağlamlığının qorunmasında və ümumi immun müqavimətin gücləndirilməsində əhəmiyyətli hesab olunur. Eyni zamanda dəniz kələmi karbohidrat və yağ mübadiləsinə təsir edərək bədən çəkisinin tənzimlənməsinə də dəstək verə bilər.

Mütəxəssislər bildirirlər ki, həftə ərzində ölçülü miqdarda, təxminən 100–300 qram dəniz kələmi qəbul edildikdə ümumi sağlamlıq vəziyyətində müsbət dəyişikliklər müşahidə oluna bilər. Lakin yoda qarşı həssaslığı olan, qalxanabənzər vəz xəstəliklərindən əziyyət çəkən şəxslər bu məhsulu rasiona əlavə etməzdən əvvəl ehtiyatlı olmalıdırlar. Ümumilikdə isə dəniz kələmi düzgün istifadə edildikdə sağlam qidalanmanın dəyərli tərkib hissəsi sayıla bilər.