Uşaqlara yatmazdan əvvəl şirniyyat verilməsi məsləhət görülmür. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə NEWS.ru nəşrinə açıqlamasında həkim-diyetoloq Natalya Mizinova bildirib.
Onun sözlərinə görə, axşam saatlarında şirniyyat qəbulu uşaqlarda qanda şəkərin kəskin artmasına səbəb olur. Bu isə hiperaktivlik yaradır və yuxuya getmə prosesini çətinləşdirir. Mütəxəssis vurğulayıb ki, gecə vaxtı uşaq orqanizmi istirahət etməlidir, lakin şirniyyatlar həddindən artıq oyanıqlıq yaradır.
“Yatmazdan iki-üç saat əvvəl şirniyyat yemək olmaz. Uşaq şirin qida qəbul etdikdə qanda şəkər səviyyəsi sürətlə yüksəlir və orqanizm onu tez bir zamanda normaya sala bilmir. Nəticədə uşaq artıq enerjini sərf etmək üçün həddindən artıq aktiv davranır. Şirniyyatları günün birinci yarısına keçirmək və əsas yeməkdən sonra, ölçülü şəkildə vermək lazımdır”, – deyə diyetoloq qeyd edib.
Ekspert əlavə edib ki, yalnız şirniyyat deyil, həm də ağır, yağlı və qızardılmış qidalar da axşam saatlarında tövsiyə olunmur. Belə qidalar gecə vaxtı tam həzm olunmur, mədə-bağırsaq traktında diskomfort yaradır və orqanizmin normal istirahətinə mane olur.






