Gün ərzində qidalanma rejiminin pozulması bir çox insana sadə görünən, amma bədən üçün ciddi nəticələr yaradan vərdişlərdən sayılır. Foodinfo.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, diyetoloq, qastroenteroloq və endokrinoloq Viktoriya Qonçar üç vaxt tam qidalanmadan imtinanın orqanizmdə maddələr mübadiləsinin ləngiməsinə səbəb ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, qida qəbulunun azalması bədənin enerji sərfiyyatını da aşağı salır. Bu zaman qəbul edilən qidalar daha çox ehtiyat şəklində toplanmağa başlayır. Belə bir mexanizm isə zamanla artıq çəkinin yaranmasına şərait yaradır. Viktoriya Qonçar qeyd edir ki, orqanizm qida çatışmazlığını təhlükə kimi qəbul edir.
Nəticədə bədən özünü qorumaq üçün yediyi kaloriləri maksimum dərəcədə saxlayır. Mütəxəssis bildirir ki, gün ərzində oyaq vaxtda qida qəbulu arasındakı üç-beş saatlıq fasilə ən uyğun hesab olunur. Bu rejim qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir. Eyni zamanda aclıq hissinin nəzarətdən çıxmasının qarşısı alınır. Diyetoloqun fikrincə, uzunmüddətli ac qalmaq sonradan həddindən artıq yeməyə səbəb olur. Bu da həm həzm sisteminə, həm də ümumi sağlamlığa mənfi təsir göstərir.






