Yumurta ilə hazırlanan səhər yeməyi həm sadə, həm də qidalı olması ilə seçilir. Uzunmüddətli toxluq hissi yaratması və orqanizmi enerji ilə təmin etməsi səbəbindən yumurta bir çox insanın gündəlik rasionunda xüsusi yer tutur. Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, mütəxəssis Natalya Çayevskaya yumurtanın faydasının onu necə bişirməyimizdən birbaşa asılı olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, yumurta zülal, faydalı yağlar, D vitamini və B qrup vitaminləri ilə zəngindir. Səhər yumurta yeyən insanlarda gün ərzində şəkərli qidalara meyl azalır, diqqət və iş qabiliyyəti daha uzun müddət qorunur. Lakin düzgün bişirilmədikdə eyni məhsul həzm sistemi üçün ağırlıq yarada bilər.
Yumurtadan hazırlanan omlet yüngül səhər yeməyi axtaranlar üçün münasib hesab olunur. Zəif odda, qapaq altında bişirilən omlet asan həzm olunur və mədədə ağırlıq yaratmır. Tərkibinə tərəvəz və göyərti əlavə edildikdə daha balanslı qida alınır.
Qızardılmış yumurta isə çox vaxt yüksək odda və artıq yağla hazırlandığı üçün mədə yanması və narahatlıq yarada bilər. Mütəxəssislər yumurtanı orta istilikdə və az yağla bişirməyi tövsiyə edirlər. Bu halda həm dad, həm də fayda qorunur.
Qarışdırılaraq bişirilən yumurta növü isə ən yumşaq üsullardan biri sayılır. Davamlı qarışdırıldığı üçün yumurta sərtləşmir və asan həzm olunur. Həssas mədəsi olanlar üçün bu üsul daha uyğundur.
Qaynadılmış yumurta isə ən sadə və təhlükəsiz seçim hesab edilir. Xüsusilə yarıbişmiş yumurta həm zülalın, həm də sarının faydalı xüsusiyyətlərini qoruyur. Mütəxəssislər səhər yeməyində yumurtanı tərəvəz və göyərti ilə birlikdə istifadə etməyi məsləhət görürlər.






