Təzə göyərti yeməklərə xüsusi dad və ətir qatır, lakin düzgün saxlanmadıqda tez solur və faydalı xüsusiyyətlərini itirir. Mütəxəssislər bildirirlər ki, hər növ göyərtinin saxlanma qaydası fərqlidir və buna əməl etmək vacibdir. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, sadə üsullarla göyərtinin təzəliyini daha uzun müddət qorumaq mümkündür.

Məlumata görə, şüyüd və cəfəri əvvəlcə yuyulmalı, yaxşıca qurudulmalı və saplaqları bir qədər kəsilməlidir. Daha sonra dəstələr az miqdarda su olan stəkana yerləşdirilir və üzəri deşikli paketlə örtülür. Bu üsul onların həm təravətini, həm də xırtıldayan quruluşunu saxlayır.

Rukkola artıq nəmliyi sevmədiyi üçün yarpaqlar diqqətlə qurudulmalı, altına və üzərinə kağız salfet qoyulmuş qapalı qabda saxlanmalıdır. Reyhan isə soyuğa həssasdır, ona görə də otaq temperaturunda dəstə şəklində saxlamaq daha məqsədəuyğundur. Zəruri hallarda onu kağız paketdə soyuducunun tərəvəz bölməsinə qoymaq olar.

Yaşıl kahını yumaq məsləhət görülmür, onu istifadədən əvvəl təmizləmək daha düzgündür. Yarpaqlar və ya kələm şəklində olan kahı salfetlərlə birlikdə deşikli paketdə saxlanmalıdır. Çin kələmi isə hava keçirməklə paketə və ya örtüyə büküldükdə soyuducuda uzun müddət təravətini qoruyur.

Yaşıl soğanı da stəkanda az su ilə saxlamaq mümkündür. Alternativ olaraq, onu bir qədər nəm dəsmala büküb deşikli paketə qoymaq olar. Mütəxəssislər qeyd edirlər ki, bu sadə qaydalar göyərtinin həm görünüşünü, həm də dadını uzun müddət saxlamağa kömək edir.