Gül kələmi həm dadlı, həm də faydalı tərəvəzlərdən biri hesab olunur və düzgün bişirilmədikdə tərkibindəki vitaminlərin bir hissəsini itirə bilər. Mütəxəssislər bildirir ki, istiliklə emal üsulu gül kələminin qida dəyərinə birbaşa təsir göstərir. Foodinfo.az Rbc.ua saytına istinadla xəbər verir ki, peşəkar aşpazlar gül kələmini həm ləzzətli, həm də faydasını qoruyan şəkildə hazırlamağın ən doğru yolunu açıqlayıblar.

Məlumata görə, gül kələminin ağ növü ən çox yayılan variantdır, lakin yaşıl romanesko, bənövşəyi və narıncı növlər də mövcuddur. Romanesko növü özünəməxsus quruluşu və yumşaq dadı ilə seçilir. Bənövşəyi gül kələmi təbii antioksidantlarla zəngin olması ilə diqqət çəkir. Narıncı gül kələmi isə A vitamini baxımından daha üstün hesab olunur.

Aşpazların sözlərinə görə, bu tərəvəz ən çox buxarda bişirilir, lakin bu üsul hər zaman ən yaxşı nəticəni vermir. Sobada bişirmə zamanı gül kələmi xırtıldayan olur və təbii dadı daha yaxşı üzə çıxır. Tavada az yağla qovurma da dadlı nəticə versə də, diqqətli olunmazsa quruluq yarana bilər.

Məşhur aşpaz Denni Qarsiya gül kələmini əvvəlcə zeytun yağında yüngül qızardıb, daha sonra sobada bişirməyi tövsiyə edir. Onun fikrincə, bu üsul tərəvəzin həm içinin yumşaq, həm də üzərinin xırtıldayan qalmasını təmin edir. Digər aşpaz Bruk Uilyamson isə gül kələmini ədviyyatlı qatıq qarışığında saxlayaraq yüksək istilikdə sobada bişirməyi məsləhət görür.

Mütəxəssislər qeyd edirlər ki, düzgün hazırlanmış gül kələmi həm sağlamlıq üçün faydalıdır, həm də süfrəyə xüsusi dad qatır.