Axşam saat altıdan və ya səkkizdən sonra yemək yeməyin mütləq artıq çəkiyə səbəb olması ilə bağlı cəmiyyətdə geniş yayılmış stereotip mövcuddur. Lakin həkim Yekaterina Kaşux bildirib ki, axşam yeməyi özü-özlüyündə orqanizm üçün zərərli deyil. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, əsas məsələ yeməyin vaxtı yox, onun tərkibi və kalori dəyəridir.

Mütəxəssisin sözlərinə görə, gec saatlarda ağır və yağlı qidaların qəbulu qarında köp, mədə yanması və yuxu pozuntularına səbəb ola bilər. Buna görə də saat göstəricisinə deyil, yatmazdan əvvəlki vaxta diqqət yetirmək daha doğrudur — son yemək yuxudan ən gec 2–3 saat əvvəl olmalıdır.

Həkim vurğulayıb ki, əgər aclıq hissi gec saatlarda yaranarsa, mədəni yormayan yüngül qidalara üstünlük vermək olar. Bu zaman bir stəkan yoqurt və ya kefir, sobada bişmiş tərəvəzlər, tərəvəzli qarabaşaq, kinoa və ya düyü, kəsmik, omlet və ya yumşaq bişmiş yumurta uyğun seçim hesab olunur.