Dəri sağlamlığını qorumaq üçün bəzi qidalardan uzaq durmaq vacibdir. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, həkim-terapevt Oksana Xamitseva dərinin erkən yaşlanmasına səbəb olan məhsulları sadalayıb.
Onun sözlərinə görə, dərini sürətlə yaşlandıran qidalar arasında gizli şəkər daşıyan məhsullar, şirniyyatlar, limonad, mayonez, fastfood və yarımfabrikatlar var. Şəkər kollagen və elastin liflərini bağlayaraq dəri regenerasiyasını pisləşdirir, nəticədə qırışlar əmələ gəlir.
Trans yağlar da dərinin sağlamlığını pozur. Bunlara margarin, mayonez, bəzi souslar, fastfood və şirniyyatlar daxildir. Onlar xolesterinin yüksəlməsinə və damarların daralmasına səbəb olur, bu isə dərinin qidalanmasını pozur.
Yarımfabrikatlar və emal olunmuş ətlər, məsələn, kolbasa və sosislər də mənfi təsir göstərir. Bu məhsullar şəkər və əlavələr ehtiva edir ki, bu da damarları və dəri epidermisinin kollagenini zədələyir.
Kofe məsələsinə gəldikdə isə həkim qeyd edir ki, gündə 1–2 fincan dəmlənmiş kofe faydalıdır, amma daha çox miqdarda içmək orqanizmi susuzlaşdırır, kollagen zədələnir və dəridə qırışlar yaranır.
Beləliklə, sağlam dəri üçün təbii, az işlənmiş məhsulları seçmək və şəkər, trans yağ, fastfood miqdarını məhdudlaşdırmaq tövsiyə olunur.






