Düzgün və balanslı qidalanma xərçəng xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. 

Foodinfo.az xəbər verir ki, bəzi qidalar tərkibindəki antioksidantlar, vitaminlər və qoruyucu maddələr sayəsində orqanizmi zərərli hüceyrə dəyişikliklərindən qoruyur.

Brokoli, gül kələm, ağ və qırmızı kələm xərçəngə qarşı təsiri ilə xüsusi seçilirlər. Bu tərəvəzlərdə olan maddələr hüceyrələrin zədələnməsinin qarşısını alır və immun sistemini gücləndirir.

Tünd yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, pazı və kahı – antioksidantlarla zəngindir və orqanizmin müdafiə mexanizmini gücləndirir.

Sarımsaq və soğan təbii antibakterial təsiri ilə yanaşı, xərçəng riskinin azalmasında da mühüm rol oynayır. Bu məhsulların gündəlik qidalanmada yer alması tövsiyə edilir.

Meyvələr, xüsusilə nar, giləmeyvələr və tünd rəngli üzüm hüceyrələri qoruyan polifenollarla zəngindir. Pomidor isə tərkibindəki likopen maddəsi sayəsində xüsusilə faydalı hesab olunur.

Bundan əlavə, balıq növləri və omeqa-3 yağ turşuları, qoz-fındıq, kətan toxumu və yaşıl çay da xərçəng riskini azaldan qidalar sırasında göstərilir.

Eyni zamanda emal olunmuş məhsulların, çox qızardılmış yeməklərin və şəkərin həddindən artıq istifadəsinin məhdudlaşdırılması tövsiyə edilir.

Sağlam həyat tərzi, təbii və müxtəlif qidalanma xərçəng riskini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur.