Qan analizində kreatinin göstəricisinin yüksəlməsi bir çox insanı narahat edir. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, Aif.ru-ya danışan tibb elmləri doktoru, professor Mixail Koryakin bildirib ki, kreatinin böyrəklərin qanı nə dərəcədə yaxşı təmizlədiyini göstərən əsas göstəricilərdən biridir.
Mütəxəssisin sözlərinə görə, kreatininin yüksəlməsinin səbəblərini üç əsas qrupa bölmək olar. Ən geniş yayılmış səbəblər birbaşa böyrəklərlə əlaqədar problemlərdir. Bunlara böyrək daşları, xroniki böyrək iltihabı, qlomerulonefrit, şəkər xəstəliyi fonunda yaranan böyrək zədələnmələri, eləcə də yüksək təzyiq və ürək-damar xəstəlikləri daxildir.
İkinci qrup səbəblər isə böyrək xəstəliyi ilə bağlı olmayan amillərdir. Kreatininin artması güclü əzələ kütləsi olan şəxslərdə, ağır fiziki yüklənmədən sonra, geniş əzələ zədələnmələri zamanı müşahidə oluna bilər. Həmçinin zülalla həddindən artıq zəngin qidalanma, xüsusilə qırmızı ət və ət əlavələrinin çox qəbulu da bu göstəricinin yüksəlməsinə səbəb ola bilər.
Bundan başqa, orqanizmdə susuzlaşma, qusma, ishal, kifayət qədər su içilməməsi, ürək çatışmazlığı və güclü qan itkiləri də kreatinin səviyyəsini artıra bilər.
Üçüncü mühüm səbəb bəzi dərman vasitələrinin qəbuludur. Qeyri-steroid iltihabəleyhinə dərmanlar, bəzi antibiotiklər və kimyəvi müalicədə istifadə olunan preparatlar böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Professorun sözlərinə görə, kreatininin yüksək çıxması öz-özlüyündə diaqnoz deyil. Belə hallarda mütləq həkimə müraciət edilməli, əlavə müayinələr aparılmalıdır. Vaxtında aparılan yoxlamalar böyrək sağlamlığının qorunmasında mühüm rol oynayır.






