Son elmi araşdırmalar göstərir ki, gündəlik qidalanmada karbohidratların düzgün seçilməsi beyin sağlamlığının qorunmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, karbohidratların keyfiyyəti uzunmüddətli dövrdə idrak funksiyalarına birbaşa təsir edə bilər. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, İspaniyanın Rovira i Virgili Universitetinin alimləri karbohidratların demensiya riskinə təsirini araşdırıblar.

Tədqiqat çərçivəsində başlanğıcda demensiya diaqnozu olmayan 200 mindən çox insanın məlumatları təhlil edilib. On üç il davam edən müşahidə müddətində 2362 iştirakçıda demensiya inkişaf etdiyi müəyyən olunub. Alimlər qidalanma tərzi ilə xəstəlik riski arasında aydın əlaqə aşkar ediblər.

Araşdırmaya görə, aşağı qlisemik indeksli qidalarla zəngin pəhriz demensiya riskinin azalmasına kömək edir. Bu cür qidalanmaya meyvələr, paxlalılar və tam taxıllı məhsullar daxildir. Yüksək qlisemik indeksli qidaların isə beyin sağlamlığı üçün arzuolunmaz nəticələr yarada biləcəyi bildirilib.

Tədqiqatın rəhbəri Monika Bullo qeyd edib ki, aşağı qlisemik indeksli məhsullarla zəngin pəhrizə riayət etmək idrak pozuntuları və Altsheymer xəstəliyi riskini azalda bilər. Onun sözlərinə görə, bu cür qidalanma beyin funksiyalarının daha uzun müddət qorunmasına şərait yaradır.

Xüsusilə aşağı və orta qlisemik indeksli pəhrizlərin Altsheymer xəstəliyi riskini 16 faiz azaltdığı müəyyən edilib. Eyni zamanda, yüksək qlisemik indeksli qidaların bu riski 14 faiz artırdığı vurğulanıb.

Alimlər araşdırmanın nəticələrinə əsaslanaraq bildirirlər ki, sağlam beyin üçün təkcə karbohidratların miqdarı deyil, onların keyfiyyəti də böyük əhəmiyyət daşıyır. Uzunmüddətli beyin sağlamlığı üçün balanslı və düşünülmüş qidalanma əsas şərt hesab olunur.