Soyuq mövsümdə bir çox insan çəki artımı ilə üzləşir. Foodinfo.az URA.RU-ya istinadən xəbər verir ki, endokrinoloq Marqarita Belousova bunun əsas səbəbinin fiziki aktivliyin azalması və gün işığının qısalması olduğunu bildirib. Havanın soyuq olması səbəbilə insanlar küçədə daha az vaxt keçirir və idmanla daha nadir məşğul olur, bu isə maddələr mübadiləsini ləngidir və bədənin enerji sərfini azaldır. Mütəxəssis qış aylarında formada qalmaq üçün həftədə ən azı 3–4 dəfə yüngül və ya orta intensivlikli hərəkətlər etməyi tövsiyə edir.
Belousovanın sözlərinə görə, çəkiyə nəzarətdə təkcə idman deyil, qidalanma rejimi də mühüm rol oynayır. Müntəzəm qida qəbulu həddindən artıq yeməyin qarşısını alır, doyma hissəsini daha stabil saxlayır və qanda şəkərin kəskin enib-qalxmasını azaltmağa kömək edir. Həkim bildirir ki, balanslı menyu və keyfiyyətli yuxu qış dönəmində çəkinin qorunmasında əsas şərtlərdən biridir.
Mütəxəssis sağlamlıq üçün rasionda tərəvəz, meyvə, tam taxıllar, protein mənbələri və kifayət qədər maye qəbulunun vacibliyini də xatırladıb. Onun fikrincə, qışda temperaturun düşməsi insanı daha kalorili yeməklərə meyilləndirsə də, porsiya ölçüsünə diqqət etmək və fasiləli, yüngül qidalanma vərdişlərinə üstünlük vermək artıq çəki riskini azalda bilər.






