Qida birləşmələri ilə bağlı müxtəlif iddialar olsa da, hər deyilən elmə əsaslanmır. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, endokrinoloq-diyetoloq Mariya Brican bəzi qidaların birlikdə qəbulunun niyə narahatlıq yaratdığını izah edib.
Mütəxəssis bildirir ki, XX əsrdə irəli sürülən “ayrı qidalanma” nəzəriyyəsi elmi təsdiq tapmayıb. İnsan orqanizmi eyni anda həm zülalları, həm yağları, həm də qəndli maddələri həzm etmək imkanına malikdir. Həmçinin qidaların bədəni “turşulaşdırması” və ya “qələviləşdirməsi” fikri də özünü doğrultmayıb. O, ənənəvi olaraq yanaşı yeyilən xiyar və pomidorun “uyğunsuz” elan edilməsinin də əsassız olduğunu qeyd edib. Dietoloqun fikrincə, əsas meyar — şəxsin özünü necə hiss etməsidir.
Bununla belə, bəzi birləşmələr faydalı maddələrin mənimsənilməsini zəiflədə və ya narahatlıq yarada bilər. Bu səbəbdən müəyyən halları bilmək vacibdir.
Faydalı maddələrin mənimsənilməsinə mane ola bilən birləşmələr
-
Qırmızı ət və bərk dəmlənmiş çay və ya qəhvə.
Çayda və qəhvədəki taninlər dəmirin bağırsaqda sorulmasını azalda bilər. Xüsusilə qanazlığı riski olan şəxslərə çay və qəhvəni dəmirli qidalarla eyni vaxtda deyil, 1–1,5 saat fərqlə içmək məsləhətdir. -
Dəmirli qidalar və kalsiumlu məhsullar (süd, pendir).
Kalsium da dəmirin mənimsənilməsini çətinləşdirir. -
Şpinat, turşəng və digər oksalatlı bitkilər + süd məhsulları.
Oksalatlar kalsiumla birləşərək həll olunmayan maddələr yaradır və hər iki elementin faydasını azalda bilər. Böyrək və öd daşına meyli olanlarda risk artır. Tərəvəzlərin bişirilməsi oksalat miqdarını aşağı sala bilər.
Həzm narahatlığı yarada bilən birləşmələr
-
Kartof və paxlalılar.
Kartaş və paxlalını birlikdə çox yemək bəzi insanlarda köp və ağırlıq hissi yaradır. Onları daha çox nişastasız tərəvəzlərlə uyğunlaşdırmaq məsləhətdir. -
Meyvələr + zülallı və yağlı yeməklər.
Meyvələr sürətlə həzm olunur, zülal və yağ isə daha gec. Birlikdə yeyildikdə köp və narahatlıq yarana bilər. Meyvələri yeməkdən 30–40 dəqiqə əvvəl və ya 1,5–2 saat sonra yemək daha düzgündür. -
Sadə şəkərlər + yağlı qidalar (şirin qazlı içkilərlə yağlı yemək, çörək-kərə yağı, çörək-cəmi və s.).
Bu birləşmə qanda şəkərin kəskin qalxmasına və mədəaltı vəzə yük düşməsinə səbəb olur. Şəkərli xəstəlik və insulin müqaviməti olanlar üçün xüsusilə arzuolunmazdır.
Birləşdirildikdə faydası artan qidalar
-
C vitamini + dəmir.
C vitamini bitki mənşəli dəmirin mənimsənilməsini artırır. Məsələn, şpinat və ya lobyanın limonla birgə yeyilməsi daha faydalıdır. -
Kalsium + D vitamini.
Hər iki maddə bir-birinin mənimsənilməsini gücləndirir. Yarpaq tərəvəzlərinin D vitamini olan qidalarla birləşdirilməsi uyğundur. -
A vitamini + yağlar.
Yerkökü və digər A vitamini mənbələri bitki yağı və ya qoz-fındıqla daha yaxşı mənimsənilir. -
Sink + zülal və C vitamini.
Məsələn, balqabaq tumu və ya qozu ət və ya balıqla, paxlalını isə limonla birgə yemək faydalıdır. -
E və K vitaminləri + yağlar.
Avokado, qoz-fındıq və yaşıl tərəvəzlərin birlikdə yeyilməsi bu vitaminlərin sorulmasını artırır. -
Fol turşusu + C vitamini.
Brokoli və ya şpinatın sitrus meyvələri ilə birləşdirilməsi fol turşusunun mənimsənilməsini yaxşılaşdırır.
Mütəxəssis xəbərdarlıq edir ki, əsas prinsip qarışıq və ölçülü qidalanmadır. Orqanizm ən yaxşı reaksiyanı məhz balanslı rasiona verir və insanın özünü necə hiss etməsi hər şeydən önəmlidir.






