Marketlərdə satılan çoxsaylı məhsulların üzərində “təbii aroma” ifadəsinə rast gəlinir. Bir çox istehlakçı bunu məhsulun tamamilə təbii tərkibə malik olması kimi başa düşsə də, mütəxəssislər bunun hər zaman belə olmadığını bildirirlər.
Foodinfo.az xarici mənbələrə istinadla xəbər verir ki, “təbii aroma” adlandırılan maddələr bitki və ya heyvan mənşəli mənbələrdən əldə edilən dad və qoxu komponentləridir. Bu maddələr meyvə, tərəvəz, ədviyyat, süd məhsulları və digər təbii xammallardan alınaraq emal prosesindən keçirilir.
Mütəxəssislərin sözlərinə görə, təbii aroma məhsulun əsas hissəsini deyil, onun dad və qoxusunu formalaşdıran əlavə komponentləri ifadə edir. Məsələn, çiyələk dadlı məhsulun tərkibində təbii aroma olsa da, həmin məhsulun özündə real çiyələk çox az miqdarda və ya ümumiyyətlə olmaya bilər.
Qida sənayesində bu maddələr məhsulların dad sabitliyini qorumaq və istehlakçıların gözlədiyi aromanı yaratmaq üçün istifadə olunur. Ekspertlər bildirirlər ki, “təbii” sözü hər zaman məhsulun bütövlükdə təbii olması anlamına gəlmir və istehlakçılar tərkib siyahısını diqqətlə oxumalıdırlar.
Mütəxəssislər hesab edirlər ki, məhsul seçərkən yalnız qablaşdırmanın üzərindəki ifadələrə deyil, bütün inqrediyent siyahısına diqqət yetirmək daha düzgün yanaşmadır.






