Çay Azərbaycanda ən çox istehlak edilən içkilərdən biridir. Bir çox insan səhər yeməyində, naharda və ya axşam çay süfrəsində müxtəlif qidalarla birlikdə çay içməyi sevir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çayın bəzi qidalarla eyni vaxtda qəbul edilməsi orqanizmin müəyyən vitamin və mineralları mənimsəməsinə mane ola bilər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, çayın tərkibində olan taninlər və polifenollar xüsusilə dəmirin sorulmasını azalda bilir. Bu təsir əsasən bitki mənşəli qidalarda olan qeyri-hem dəmirə aiddir. Paxlalılar, ispanaq, mərci, lobya və müxtəlif göyərtilərlə birlikdə çox miqdarda çay içilməsi həmin məhsullardakı dəmirin orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirə bilər.

Qidalanma üzrə mütəxəssis Emi Qudson bildirir ki, dəmir çatışmazlığı riski olan şəxslər çayı əsas yeməklərdən ən azı bir saat sonra qəbul etməlidirlər. Onun sözlərinə görə, xüsusilə qadınlar, uşaqlar və vegeterian qidalanan insanlar bu məsələyə diqqət yetirməlidirlər. Mütəxəssis əlavə edir ki, C vitamini ilə zəngin məhsulların qəbulu dəmirin mənimsənilməsini yaxşılaşdırmağa kömək edir.

Ekspertlər qeyd edirlər ki, sağlam insanlarda çay içmək ciddi problem yaratmasa da, dəmir ehtiyatları aşağı olan şəxslər üçün bu vərdiş zamanla mənfi nəticələrə səbəb ola bilər. Buna görə də çayın qəbulu ilə qidalanma arasında müəyyən vaxt fasiləsi saxlamaq tövsiyə olunur. Bu sadə qayda vacib qida maddələrinin daha yaxşı mənimsənilməsinə kömək edə bilər.