Qəhvə dünyanın ən çox istehlak olunan içkilərindən biridir. Bir çox insan günə bir fincan qəhvə ilə başlayır, lakin qəhvə içdikdən sonra su içməyin vacib olub-olmaması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri qəhvənin orqanizmi susuzlaşdırdığını düşündüyü üçün mütləq su içməyi məsləhət görür, digərləri isə bunun zəruri olmadığını bildirir. Bəs həqiqət nədir?

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, qəhvənin tərkibindəki kofein müəyyən dərəcədə sidikqovucu təsir göstərsə də, bu təsir əksər insanlar üçün ciddi maye itkisinə səbəb olmur. Son illərdə aparılan araşdırmalar göstərib ki, müntəzəm qəhvə içən insanların orqanizmi kofeinin təsirinə müəyyən qədər uyğunlaşır və qəhvə qəbulundan sonra yaranan maye itkisi minimum səviyyədə qalır. Buna görə də bir fincan qəhvə içmək insanı susuz vəziyyətə salmır.

Britaniyalı qidalanma mütəxəssisi Nikola Ladlam-Rain bildirir ki, qəhvədən sonra bir stəkan su içmək yenə də faydalı hesab olunur. Onun sözlərinə görə, su ağız boşluğunda qalan turşuluğu azaltmağa, ağız quruluğunun qarşısını almağa və ümumi maye balansının qorunmasına kömək edir. Bundan əlavə, bəzi insanlarda kofein ürək döyüntüsünü sürətləndirə və susuzluq hissi yarada bilər. Belə hallarda su qəbulu özünü daha rahat hiss etməyə kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, qəhvə içən insanların əsas diqqəti gün ərzində kifayət qədər su qəbul etməyə yönəlməlidir. Qəhvədən sonra su içmək məcburi qayda olmasa da, sağlam vərdiş hesab edilir. Xüsusilə isti havalarda, fiziki fəaliyyət zamanı və ya gün ərzində bir neçə fincan qəhvə qəbul edən şəxslərin əlavə su içməsi orqanizmin maye ehtiyacını qarşılamağa kömək edə bilər. Buna görə də qəhvə ilə birlikdə və ya ondan sonra su içmək sağlam seçim kimi qiymətləndirilir.