Heyvan mənşəli qida məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici vasitələr, zərərvericilərlə və xəstəliklərlə mübarizədə istifadə edilən vasitələr və onların qalıqları) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsində bildirilir. Sənəddə qeyd edilir ki, kəsim prosesindən sonra qan birbaşa olaraq kanalizasiya sisteminə axıdılmamalı, paslanmayan materialdan hazırlanmış qan tankına yığılmalıdır. Yığılan qan qeyri-qida məhsulu kimi emal prosesinə göndərilməli və ya emal prosesi üçün yararsız olduğu təqdirdə zərərsizləşdirilərək kanalizasiya sisteminə axıdılmalıdır. Kəsim məntəqəsində istifadə olunan su və digər axıntılar (kəsim zamanı yarana biləcək sümük qırıntıları, ət və piy parçaları, qan və s.) kanalizasiya sisteminə axıdılmazdan əvvəl filtr qurğularından keçirilməklə təmizlənməlidir. Kəsim məntəqəsində iş prosesində əmələ gələn tullantılar ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalıdır. Tullantılar üçün ayrılmış qablar işarələnməlidir. Kəsim məntəqəsinin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə (meydan) ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır. İş prosesində əmələ gələn və kənarlaşdırılan tullantıların zərərsizləşdirilməsi “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təmin edilməlidir. 

Sənədə əsasən, kəsim məntəqələrinin daxilində dezinfeksiya və deratizasiya tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası”na uyğun olaraq həyata keçirilir.