
Günəbaxan yağında yemək bişirməyin zərərli olduğu ilə bağlı fikir cəmiyyətdə geniş yayılıb. Foodinfo.az xəbər verir ki, praktiki qidalanma mütəxəssisi, Biogena şirkətinin eksperti İrina Popkova bu fikrin elmi əsaslardan uzaq olduğunu bildirib.
“Gazeta.Ru”ya müsahibəsində o qeyd edib ki, bir çox hallarda günəbaxan yağı ilə qızartma zeytun yağından daha stabil və təhlükəsiz ola bilər.
“Rafinə olunmuş günəbaxan yağının tüstülənmə nöqtəsi zeytun yağından yüksəkdir, bu isə onu yüksək temperaturda bişirməyə daha uyğun edir”, – deyə Popkova vurğulayıb.
Ekspert xəbərdarlıq edib ki, istənilən yağ növü həddindən artıq qızdırıldıqda zərərli trans yağlar əmələ gətirə bilər.
Bu səbəbdən mütəxəssis yeməyin çox qızdırılmamasını və yağın tüstülənməsinə yol verilməməsini tövsiyə edir.
Onun sözlərinə görə, rafinə olunmuş yağlar qızartma üçün daha uyğundur, lakin salat və digər soyuq yeməklərdə istifadə üçün nerafinə olunmuş yağlara üstünlük verilməlidir.
Popkova həmçinin qidalanmada müxtəlif yağların balanslı şəkildə istifadəsini məsləhət görür: məsələn, zeytun, kətan, qarğıdalı və günəbaxan yağları arasında rotasiya aparmaq faydalıdır.
Yağların düzgün saxlanması da onların keyfiyyətinə təsir göstərir – tünd rəngli, işıq və havadan qorunan şüşə qablar ideal hesab olunur.
Mütəxəssis əlavə edib ki, yerli istehsal olunmuş yağlara üstünlük verilməlidir, çünki belə məhsullar orqanizm tərəfindən daha yaxşı mənimsənilir.