Sağlam həyat tərzinin əsas şərtlərindən biri balanslaşdırılmış və düzgün qidalanmadır. Foodinfo.az xəbər verir ki, Qidalanma və Biotexnologiya üzrə Federal Tədqiqat Mərkəzinin direktor müavini, Moskva Səhiyyə Departamentinin baş dietoloqu Antonina Starodubova pəhrizin formalaşdırılmasında əsas meyarlardan danışıb.

RG.RU-ya verdiyi açıqlamada o bildirib ki, bədənin enerji və qida maddələri ilə təmin olunması düzgün qidalanma və aktiv həyat tərzi ilə sıx bağlıdır.

Həkim xəbərdarlıq edib ki, qeyri-sağlam qidalanma piylənmə, qida çatışmazlığı, şəkərli diabet, ürək-damar xəstəlikləri və bəzi onkoloji problemlərə səbəb ola bilər.

Starodubovanın sözlərinə görə, sağlam pəhrizin əsasında yavaş karbohidratlar – tam taxıllar və dənli bitkilər dayanmalıdır.

O qeyd edib ki, təmizlənməmiş dənli bitkilər, tam taxıl çörəyi, bərk buğdadan hazırlanan makaronlar və digər lifli qidalar həm B qrup vitaminləri, həm də minerallarla zəngindir.

Mütəxəssis vurğulayıb ki, bu növ qidalar bədənə həm enerji verir, həm də maddələr mübadiləsini tənzimləməyə kömək edir.

Eyni zamanda, fast food məhsullarının rasiondan çıxarılması tövsiyə olunur, çünki onların tərkibində faydalı maddələr az, zərərli komponentlər isə çoxdur.

Dietoloq əlavə edib ki, düzgün pəhriz yalnız çəkini deyil, həm də ümumi həyat keyfiyyətini müsbət təsir edir.

O, hər kəsi gündəlik menyusunu nəzərdən keçirməyə və tədricən daha sağlam seçimlərə üstünlük verməyə çağırıb.