Yay aylarında bir çox insan sağlam qidalanmaya və detoks proqramlarına üstünlük verir. Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi, dietoloq Rimma Moisenko xroniki qastriti olan şəxslərə çiy tərəvəzlərdən uzaq durmağı tövsiyə edib.

O, Rusiyanın Radio 1 kanalına müsahibəsində bildirib ki, belə şəxslər tərəvəzləri mütləq bişirməli, onları taxıl və ya dəniz məhsulları ilə birlikdə qəbul etməlidirlər. Mütəxəssis vurğulayıb ki, çiy halda qəbul edilən tərəvəzlər həzm prosesini çətinləşdirir və mədədə əlavə qıcıqlanmaya səbəb ola bilər.

Moisenkonun sözlərinə görə, detoks pəhrizi yalnız ümumi sağlamlığı yerində olan insanlar üçün faydalı ola bilər. "Orqanizmində xroniki pozuntular olan şəxslər mütləq həkimlə məsləhətləşməli və pəhrizlərini fərdi qaydada seçməlidirlər", – deyə o qeyd edib.

Dietoloq əlavə edib ki, müasir laboratoriya testləri vasitəsilə insan orqanizminə uyğun olmayan qidaları müəyyənləşdirmək mümkündür. Bu da fərdi pəhrizlərin hazırlanmasında mühüm rol oynayır.

O həmçinin xatırladıb ki, həzm sistemində problemlərin qarşısını almaq üçün mikrofloranın balansı qorunmalı və hər bir qida seçimi bu amilə uyğun tənzimlənməlidir.