Gecə saatlarında qəbul edilən bəzi qidalar orqanizmdə gözlənilməz təsirlər yarada bilər. Foodinfo.az xəbər verir ki, endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova kefirin gecə istifadəsinin orqanizm üçün faydalı olmadığını bildirib.

O, “Komsomolskaya Pravda” saytına açıqlamasında qeyd edib ki, kefir insulin indeksinə görə ən yüksək göstəriciyə malik məhsullardan biridir.

“Əgər bu içki yatmazdan əvvəl qəbul olunarsa, bədəndə insulin aktivliyi onsuz da maksimum səviyyədə olduğu üçün qanda qlükozanın səviyyəsi kəskin şəkildə azalacaq”, – deyə həkim izah edib.

Onun sözlərinə görə, belə vəziyyətdə orqanizm özü qlükoza istehsal etməyə başlayacaq ki, bu da maddələr mübadiləsinə əlavə yük yaradır.

Pavlova əlavə edib ki, kefir əsas qida qəbulunu əvəz etmir, çünki tərkibində kifayət qədər zülal, yağ və karbohidrat yoxdur.

Bu səbəbdən də onu axşam yeməyinin yerinə istifadə etmək düzgün deyil.

Mütəxəssis vurğulayıb ki, bəzi insanlar kefiri yüngül və faydalı sayaraq tez-tez yatmazdan əvvəl içirlər, lakin bu vərdiş uzunmüddətli olaraq maddələr mübadiləsində pozuntuya səbəb ola bilər.

O, kefiri daha çox gündüz saatlarında və əsas yeməklə birlikdə istifadə etməyi tövsiyə edib.

Həkim həmçinin bildirib ki, düzgün vaxtda və düzgün miqdarda istifadə olunmadıqda, hətta faydalı məhsullar belə bədənə zərər verə bilər.