Müasir həyat tərzi insanları yeməyi sürətlə yeməyə vadar edir. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin 2 saylı xəstəxana pediatriya kafedrasının dosenti Olqa Tarasova gündə ən azı bir dəfə qidaya 20-30 dəqiqə vaxt ayırmağın vacibliyini vurğulayıb.

O, Gazeta.Ru-ya verdiyi müsahibədə bildirib ki, həzm prosesində əsas rol oynayan hormon yeməyə başlandıqdan yalnız 20 dəqiqə sonra ifraz olunmağa başlayır.

Tarasova qeyd edib ki, bu səbəbdən yeməyi tələsmədən, düşünərək qəbul etmək lazımdır. “Maye və yumşaq qidaları ağızda ən azı on dəfə çeynəmək həzmi asanlaşdırır və qidanın daha yaxşı mənimsənilməsinə kömək edir,” – deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, gündəlik menyuda tərəvəzlər, zülallı məhsullar və taxıllar mütləq yer almalıdır.

Əgər yeməyə geniş vaxt ayırmaq mümkün deyilsə, Tarasova fast food yerinə tərəvəz, meyvə, quru meyvə və fermentləşdirilmiş süd məhsulları ilə qəlyanaltı etməyi tövsiyə edir.

O əlavə edib ki, sürətli qidalanma həm maddələr mübadiləsini pozur, həm də artıq çəki və həzm problemləri riskini artırır.

Tarasova həmçinin vurgulayıb ki, düzgün və vaxtında qidalanma immun sisteminin möhkəmlənməsi və ümumi sağlamlıq üçün də mühüm əhəmiyyət kəsb edir.