Şirin və zərərsiz görünən sənaye istehsalı peçenyelər əslində ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, “Gemotest” laboratoriyasının qastroenteroloqu Yekaterina Kaşux peçenyelərin tərkibindəki transyağların ürək xəstəlikləri riskini artırdığını bildirib.

O, RİAMO-ya açıqlamasında qeyd edib ki, marketdə peçenye alarkən onun tərkibini diqqətlə oxumaq vacibdir, çünki keyfiyyətsiz un məmulatları həzm sistemində problemlər, iltihablar və mədəaltı vəzi üçün əlavə yük yarada bilər.

“Əgər tərkibdə hidrogenləşdirilmiş yağlar və ya marqarin varsa, bu məhsulu almaq məsləhət deyil. Bu maddələr transyağların mövcudluğunu göstərir və onlar ‘pis’ xolesterinin səviyyəsini artırır”, – deyə Kaşux bildirib.

Həkimin sözlərinə görə, bu cür yağlar damar tıxanıqlığı, ürək-damar xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarına səbəb ola bilər.

Kaşux həmçinin şəkər əvəzedicilərinin – qlükoza-fruktoza siropu, qarğıdalı siropu və invert şəkərin də zərərli olduğunu vurğulayıb.

Bu maddələr bədəndə sürətlə mənimsənilir, mədəaltı vəzi yükləyir və piylənmə, maddələr mübadiləsi pozğunluğu və insulinə qarşı müqavimət riskini artırır.

Ekspert peçenye və digər sənaye şirniyyatlarının qəbulunu minimuma endirməyi, ev şəraitində təbii inqrediyentlərlə hazırlanmış alternativlərə üstünlük verməyi tövsiyə edib.

O, həmçinin vurğulayıb ki, düzgün qidalanma uzunmüddətli sağlamlığın əsas şərtidir və hər bir məhsulun tərkibi buna uyğun qiymətləndirilməlidir.