Günəş işığı orqanizmin sağlam fəaliyyəti üçün vacibdir və xüsusilə immun sistemin güclənməsində mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, dermatoloq və immunoloq Elina Məmmədova günəş işığının azlığı orqanizmdə D vitamini səviyyəsinin aşağı düşməsinə səbəb olduğunu bildirib.

O, bildirib ki, D vitamini çatışmazlığı immunitetin zəifləməsinə, iltihabi proseslərin artmasına və müxtəlif infeksiyalara qarşı həssaslığın yüksəlməsinə gətirib çıxara bilər.

“Mütəmadi olaraq günəş işığı almayan insanlar daha tez-tez soyuqdəymə və digər yoluxucu xəstəliklərlə üzləşirlər,” – deyə həkim izah edib.

Elina Məmmədova əlavə edib ki, payız-qış aylarında D vitamini çatışmazlığını kompensasiya etmək üçün həkim məsləhəti ilə əlavələrdən istifadə etmək və mümkün olduqda qışda da açıq havada vaxt keçirmək vacibdir.

Həkim vurğulayıb ki, immuniteti möhkəmlətmək üçün balanslı qidalanma, yuxu rejiminin qorunması və stresin azaldılması da əsas şərtlərdəndir.

O, xüsusilə uşaqlar və yaşlı insanlarda D vitamini səviyyəsinin mütəmadi yoxlanmasını tövsiyə edib.