
Yay günlərində içki seçimi sağlamlıq baxımından xüsusi önəm daşıyır. Foodinfo.az xəbər verir ki, Rusiyalı kardioloq Andrey Kondraxin isti havalarda qəhvə qəbulundan imtina etməyi tövsiyə edib.
O, “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib ki, qəhvə bədəndən mayeni xaric edir və bu da ürəyin fəaliyyətinə mənfi təsir göstərir.
“Kofein ürək-damar sistemini stimullaşdırır, ürəyin işi sürətlənir, qoruyucu sistem aktivləşir və qan təzyiqi artır. Bədən isə artıq təzyiqi su itirməklə azaltmağa çalışır. Bu, təhlükəli bir dövrəyə çevrilir”, – deyə həkim izah edib.
Kondraxin əlavə edib ki, isti havalarda sidikqovucu vasitələrdən istifadə də risklidir, çünki qan daha qatı hala gəlir.
Bu vəziyyətdə ürəyin qanı dövr etdirməsi çətinləşir, damarlar genişlənir, lakin ürək bu yükün öhdəsindən gələ bilmir.
Nəticədə qan təzyiqi kəskin şəkildə düşür və beyin qanla kifayət qədər təmin olunmur, bu da huş itkisinə qədər aparan damar kollapsına səbəb ola bilər.
Kardioloq yay aylarında daha çox su, bitki çayları və maye balansını qoruyan içkilərdən istifadə etməyi məsləhət görüb.
O, xüsusilə yaşlı insanlar və ürək-damar problemi olanların bu tövsiyəyə ciddi əməl etməli olduğunu vurğulayıb.