
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Arıçılar Assosiasiyası ilə birgə arıçılıq məhsullarının istehsalı, idxalı və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Onlayn formatda keçirilən görüşdə son illər ölkəmizdə arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verilib. Həmçinin, Azərbaycan balının və digər arıçılıq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı sahəsində Agentlik tərəfindən həyata keçirilən tədbirlərin gedişi və bu sahədə sahibkarların yerinə yetirməli olduğu tələblər onların nəzərinə çatdırılıb.
Görüşdə arı ailələrinin mövsümi köçürülməsi zamanı baytarlıq nəzarətinin həyata keçirilməsi, arıçılıq təsərrüfatlarının, həmçinin arıçılıq məhsullarının istehsalı və satışı obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb.
Görüş zamanı arıçılıq məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda, damazlıq arı və arıçılıq məhsullarının idxalı və ixracı ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.