R-Pharm şirkətinin klinik farmakoloqu Aleksandr Bıkov turş meyvə şirələrinin ürək yanması üçün istifadə edilən dərmanların təsirini azalda biləcəyini bildirib. Foodinfo.az bildirir ki, Gazeta.Ru-ya verdiyi açıqlamada ekspert qeyd edib ki, bu dərmanlar əsasən antasidlər qrupuna aiddir və mədədə artıq turşuluğu neytrallaşdırmaq üçün istifadə olunur.

Onun sözlərinə görə, alma, limon və digər turş meyvələrin şirələri tərkibindəki üzvi turşular sayəsində mədə-bağırsaq traktının pH mühitini dəyişir. Bu dəyişiklik isə dərmanların sorulmasına və onların effektivliyinə ciddi şəkildə təsir göstərə bilər.

Bıkov xüsusilə sitrus meyvələrinin şirələrinə diqqət çəkərək bildirib ki, bu içkilər dərmanların bağırsaqda həllini dəyişə, bəzən isə onların bədəndə parçalanma prosesini pozaraq ya təsirin azalmasına, ya da dozanın həddən artıq artmasına səbəb ola bilər.

Mütəxəssis qreypfrut şirəsinin bu baxımdan daha təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, bu şirə az miqdarda qəbul edilsə belə, dərmanların təsir mexanizmini üç günə qədər poza bilər.

Bıkov vurğulayıb ki, xüsusilə qastrit, mədə xorası və ürək yanması üçün dərman qəbul edən şəxslər pəhrizlərinə diqqət etməli, turş içkiləri istifadədən əvvəl həkimlə məsləhətləşməlidirlər. Bu yanaşma həm müalicənin effektivliyini artırar, həm də dərman-ərzaq qarşılıqlı təsirindən doğan riskləri azaldar.