Qış bayramlarından sonra sobanın təmizlənməsi bir çox evdə ciddi problemə çevrilir. Xüsusilə yağ qalıqları və yanıq izləri adi yuma ilə asanlıqla çıxmır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər sobanı kimyəvi maddələrsiz təmizləmək üçün ev şəraitində tətbiq edilə bilən üç sadə və effektiv üsul tövsiyə edir.

Hər üç metodun əsas tərkib hissəsi sirkədir. Mütəxəssislərin fikrincə, sirkə həm təbii, həm də güclü təmizləyici xüsusiyyətlərə malikdir. Bu vasitə yağ qatını yumşaldır, yanıq izlərini zəiflədir və xoşagəlməz qoxuların aradan qalxmasına kömək edir.

Birinci üsul – sirkəli sprey
Bu metod üçün sirkə və su bərabər miqdarda qarışdırılır. Məsələn, bir stəkan sirkə ilə bir stəkan su kifayətdir. Alınan məhlul sprey qabına tökülərək sobanın çirkli hissələrinə püskürdülür. Məhlul ən azı 5 dəqiqə səthdə saxlanılır. Daha sonra nəm parça ilə silinərək yağ və çirk təmizlənir.

İkinci üsul – sirkə və qida sodası
Daha köhnə və qalın çirklər üçün bu üsul daha təsirli sayılır. Sobanın çirkli hissələrinə əvvəlcə qida sodası səpilir. Ardınca üzərinə az miqdarda sirkə və ya sirkəli su püskürdülür. Qarışıq köpükləndikdən sonra 15–20 dəqiqə gözlənilir. Sonra səth yumşaq süngər və ya parça ilə təmizlənir.

Üçüncü üsul – istiliklə təmizləmə metodu
Bu üsul üçün soba maksimum temperatura qədər qızdırılır. Odadavamlı qabda sirkə və su qarışdırılaraq sobanın içinə yerləşdirilir. Qab sobada 20–60 dəqiqə saxlanılır. Bu müddətdə sirkəli buxar sobanın daxili səthlərinə yayılaraq yağı və çirki yumşaldır. Proses bitdikdən sonra soba asanlıqla silinərək təmizlənir.

Mütəxəssislər xəbərdarlıq edir ki, sobanı təmizləyərkən sərt və aşındırıcı tozlardan istifadə etmək olmaz. Belə vasitələr sobanın daxili örtüyünə, şüşəsinə və qızdırıcı elementlərinə zərər verə bilər. Ev üsulları həm təhlükəsiz, həm də uzunmüddətli istifadə üçün daha məqsədəuyğun hesab olunur.