Beyin sağlamlığını qorumaq və yaşla bağlı yaddaş pozuntularının qarşısını almaq üçün düzgün qidalanma mühüm rol oynayır. Foodinfo.az “Championat.com” saytına istinadla xəbər verir ki, ABŞ-ın Cənubi Dakota Universitetinin alimləri müəyyən qidaların demensiyanın inkişaf riskini azaltmaqda təsirli olduğunu müəyyən ediblər. Araşdırmada 65 yaşdan yuxarı 72 iştirakçının qidalanma rejimi və kognitiv funksiyaları analiz olunub və nəticələr göstərib ki, bəzi maddələr yaddaş və beyin fəaliyyətinin qorunmasında vacibdir.

Mütəxəssislər bildirirlər ki, lif, doymamış yağlar və vacib mikroelementlərlə zəngin rasion beyin sağlamlığını dəstəkləyir. Belə məhsullara tam dənli taxıllar, tərəvəzlər, meyvələr, qoz-fındıq və balıq daxildir. Xüsusilə A və E vitaminləri, maqnium, kalium və karotinoidlər yaddaşın və diqqətin qorunmasında önəmli rol oynayır.

Alimlər həmçinin qeyd edirlər ki, çoxlu miqdarda rafinə olunmuş taxıl məhsulları, məsələn, ağ çörək, makaron və krakerlər kognitiv funksiyalara mənfi təsir göstərə bilər. Lif isə bağırsaqda fermentləşərək iltihabın azalmasına kömək edir ki, bu da yaddaşın zəifləməsinin əsas səbəblərindən biridir.

Tədqiqat rəhbəri, dosent Samitindjaya Dhakal bildirib ki, düzgün qidalanma və mikroelementlərin kifayət qədər qəbul edilməsi sağlam yaşlanma və beyin fəaliyyətinin qorunması üçün effektiv vasitədir. Bu yanaşma yaşlılarda demensiyanın riskini azaltmağa və beyin sağlamlığını dəstəkləməyə imkan verir.