Yüksək qan təzyiqi (hipertoniya) bütün dünyada milyonlarla insanı narahat edən ən ciddi sağlamlıq problemlərindən biridir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının sabiq rəhbərlərindən və ictimai sağlamlıq üzrə ekspert Dr. Tom Frieden “WHO News” portalına açıqlamasında duzun həddən artıq istifadəsinin hipertoniya riskini kəskin artırdığını, duz qəbulunun azaldılmasının isə bu xəstəliyin qarşısında ən təsirli addımlardan biri olduğunu bildirib.

Dr. Frieden-in sözlərinə görə, çoxlu duz qəbul edildikdə orqanizmdə su tutulması artır və bu, birbaşa qan damarlarına təzyiqi yüksəldir. O qeyd edib ki, hazır qidalar, fast-food məhsulları və konservləşdirilmiş yeməklər insanların gündəlik duz qəbulunun əsas mənbəyidir. Əslində isə, insanların çoxu duzu yeməklərə əlavə etdiklərindən daha çox, bu cür sənaye məhsullarından alır.

Mütəxəssis vurğulayıb ki, gündəlik duz istehlakı 5 qramdan çox olmamalıdır, lakin bir çox ölkələrdə bu göstərici 9-12 qrama qədərdir. Onun sözlərinə görə, duz istehlakının tədricən azaldılması yalnız qan təzyiqini normallaşdırmır, həm də infarkt və insult riskini ciddi şəkildə azaldır. O, həmçinin insanlara qida dadlandırmaq üçün duz yerinə limon, sarımsaq, təzə göyərti və ədviyyatlardan istifadə etməyi tövsiyə edib.

Dr. Frieden qeyd edib ki, bəzi dövlətlər artıq çörək və sənaye məhsullarında duzun miqdarını azaltmaq üçün qanunlar qəbul edib və bu, ictimai sağlamlığa müsbət təsir göstərməkdədir. Onun fikrincə, fərdi seçimlərlə yanaşı, dövlət səviyyəsində də duzun azaldılmasına yönəlmiş siyasətlər aparılmalıdır ki, hipertoniya və ürək-damar xəstəliklərinin yayılması azalsın.