Sürətli arıqlama məqsədilə tətbiq olunan şirə pəhrizləri getdikcə populyarlaşsa da, mütəxəssislər bu metodun risklərinə diqqət çəkir. Foodinfo.az RİAMO-ya istinadən xəbər verir ki, dietoloq Elena Solomatina şirə əsaslı pəhrizin uzunmüddətli istifadəsinin şəkərli diabetə gətirib çıxara biləcəyini bildirib. Onun sözlərinə görə, tərkibində fruktoza, qlükoza və saxaroza olan meyvə şirələrinin həddindən artıq qəbulu orqanizmdə insulinə qarşı müqavimət — yəni insulinrezistentlik yarada bilər.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət prediyabet mərhələsi hesab olunur və genetik meyllilik olduqda proses sürətlə diabetə keçə bilər. Solomatina vurğulayıb ki, arıqlamanın sağlam yolu kalori qəbulunun mərhələli şəkildə azaldılması və rasionun balanslaşdırılmasıdır. Onun fikrincə, yalnız şirə ilə qidalanmaq toxluq hissi yaratmır, iştahanı artırır və şəkərlərin qanda sürətlə yüksəlməsinə səbəb olur.
Həkim əlavə edib ki, pəhriz zamanı meyvəni bütöv formada yemək daha faydalıdır, çünki lif tərkibi şəkərin sorulmasını yavaşladır və qlükoza səviyyəsini stabilləşdirir. Solomatina sağlam çəkiyə çatmaq üçün tərəvəz, tam taxıl, protein mənbələri və maye qəbulunun nəzərə alınmasını tövsiyə edib.






