Şirin desertin kiçik bir parçası əhval-ruhiyyəni yaxşılaşdıra, günə sevinc qata və dadı ilə xoş təəssürat yarada bilər. Lakin mütəxəssislər bildirirlər ki, şirniyyatlar orqanizmə hər zaman arzuolunduğu qədər müsbət təsir göstərmir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, Radio1.ru-ya danışan ailə psixoloqu Darya Salnikova bu mövzuda maraqlı açıqlama verib.

Psixoloqun sözlərinə görə, qida vasitəsilə təkcə emosional vəziyyəti “ört-basdır” etmək yox, onu düzgün şəkildə idarə etmək də mümkündür. Xüsusilə iş və ya dərs zamanı düzgün ara yeməyi seçmək vacibdir.

“Əgər gecə saatlarında işləyirsinizsə və ya uzun müddət dərs oxuyursunuzsa, şokolad yemək məsləhət deyil. Çünki əvvəlcə qlükoza səviyyəsi yüksəlir, daha sonra isə kəskin şəkildə düşür və yuxululuq yaranır. Bunun əvəzinə sitrus meyvələri yeyin”, – deyə Darya Salnikova bildirib.

Mütəxəssis qeyd edib ki, portağal, limon və ya qreyfrutun parlaq dadı və ətri sensor stimullaşdırıcı təsir göstərir, bu da insanın özünü daha gümrah hiss etməsinə və konsentrasiyanın artmasına kömək edir. Eyni təsir iş mühitində sitrus efir yağlarının istifadəsi zamanı da müşahidə olunur.

“Qidalanma təkcə kalori və vitamin məsələsi deyil. Bu, hormonlara, əhval-ruhiyyəyə və diqqətə təsir göstərən incə bir mexanizmdir. Qida impulslarımızı düzgün dərk etsək, onu həm fiziki, həm də psixoloji sağlamlığımız üçün güclü bir müttəfiqə çevirə bilərik”, – deyə psixoloq fikrini yekunlaşdırıb.