Bir çox insan televizor qarşısında divanda yuxuya getməyi günün yorğunluğunu atmağın rahat yolu hesab edir. Lakin mütəxəssislər bu vərdişin sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirir.
Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, həkimlər divanda yatmağın keyfiyyətli yuxuya mane olduğunu qeyd edirlər. Somnoloq Saema Tahirə görə, divan nə qədər rahat görünsə də, o, onurğaya düzgün dəstək vermir. Bu isə boyun və bel nahiyəsində gərginlik yaradır, nəticədə yuxu səthi olur və tez-tez oyanmalar baş verir.
Mütəxəssislər bildirir ki, qonaq otağında yuxu üçün uyğun olmayan faktorlar da çox olur. Televizorun işığı, küçə səsi və digər kənar təsirlər dərin və bərpaedici yuxuya maneə yaradır.
Həkimlər tövsiyə edir ki, əgər təsadüfən divanda yuxuya getmisinizsə, oyandıqdan sonra mütləq yataq otağına keçərək yataqda yatmağa davam edin. Bu, beynin “yataq otağı = yuxu” əlaqəsini düzgün formalaşdırmasına kömək edir.
Mütəxəssislərin fikrincə, sağlam və keyfiyyətli yuxu üçün düzgün mühit və rahat yataq seçimi vacib amillərdəndir.






