Dişlərə düzgün qulluq etməmək ciddi problemlərə səbəb ola bilər. Hətta bahalı vasitələrdən istifadə belə səhv vərdişləri kompensasiya etmir.

Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, stomatoloq Viktoriya Karatayeva ev şəraitində diş baxımında ən çox yol verilən səhvləri açıqlayıb. Onun sözlərinə görə, əsas problemlərdən biri dişlərin kifayət qədər tez-tez və uzun müddət təmizlənməməsidir. Gündə 2–3 dəfə və ən azı 3 dəqiqə fırçalanmayan dişlərdə ərp tam təmizlənmir və bu da kariyes və diş əti iltihabı riskini artırır.

Həkim bildirir ki, uyğun olmayan diş fırçası seçimi də geniş yayılmış səhvdir. Çox sərt fırçalar diş ətini zədələyə və mina qatını zəyiflədə bilər. Gündəlik istifadə üçün orta və ya yumşaq sərtlikdə fırçalar daha məqsədəuyğundur.

Mütəxəssis vurğulayır ki, elektrikli diş fırçası da hər şeyi özü həll etmir. Dişlər düzgün texnika ilə – 45 dərəcə bucaq altında, diş ətindən dişə doğru süpürücü hərəkətlərlə təmizlənməlidir və bütün səthlər diqqətlə işlənməlidir.

Bundan əlavə, yalnız diş fırçası kifayət etmir. Diş sapı, lazım olduqda irriqator və spirtsiz ağız yaxalayıcı vasitələrdən istifadə tövsiyə olunur. Ağardıcı pastaların və ev şəraitində istifadə olunan vasitələrin isə ehtiyatla seçilməsi vacibdir, çünki onlar diş həssaslığını artıra və minaya zərər verə bilər.

Stomatoloq həmçinin qeyd edir ki, diş fırçası hər 3 aydan bir, eləcə də xəstəlikdən sonra dəyişdirilməlidir. Ağrı olmaması isə dişlərin sağlam olması demək deyil. Gizli problemlər uzun müddət inkişaf edə bilər.

Mütəxəssislər ən azı ildə iki dəfə stomatoloq müayinəsindən keçməyi tövsiyə edir. Bu, problemlərin erkən aşkarlanması və sağlam təbəssümün qorunması üçün ən effektiv üsullardan biridir.