Son illər bir çox insan bədən quruluşunu qabartmaq və dəbə uyğun görünmək üçün daha çox bədənə yapışan, hətta normadan dar geyimlərə üstünlük verir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, dar geyimlərin həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərə biləcəyi bildirilir və bu təsirlər qida davranışına da sirayət edə bilər.
Mütəxəssislər deyirlər ki, bədəni həddindən artıq sıxan geyimlər daxili orqanlara təzyiq göstərir, dərini qıcıqlandırır, hərəkət azadlığını məhdudlaşdırır və insanın özünü narahat hiss etməsinə səbəb olur. Bu narahatlığın bir hissəsi isə dolayısı ilə yemək vərdişlərinə təsir edir.
Mövzuya münasibət bildirən professor Svetlana Kanevskaya qeyd edir ki, dar geyim insanın bilmədən artıq qida qəbul etməsinə şərait yarada bilər. Onun sözlərinə görə, bədəni sıxan geyimlər davamlı narahatlıq yaradır və bu, xüsusən gərginlik zamanı yeməyə meyilli insanlarda artıq qida qəbulunu artırır.
Başqa bir mühüm səbəb isə bədənin aclıq və toxluq siqnallarını düzgün qəbul edə bilməməsidir. Qarnı sıxan kəmərlər, bərk sutaq geyimlər və dar alt geyimləri qarın nahiyəsinə təzyiq edərək orqanizmin içdən gələn siqnalları düzgün hiss etməsinə mane olur. Nəticədə insan ac olmadığı halda belə yemək istəyi duya bilər.
Dar geyim hərəki də məhdudlaşdırır. İnsan artıq addım atmaqdan, əyilməkdən, sərbəst nəfəs almaqdan çəkinir. Hərəkətin azalması bir müddətdən sonra çəki artımına səbəb olur və psixoloji gərginlik fonunda daha çox yemək vərdişini formalaşdırır.
Mütəxəssislər bildirirlər ki, dar geyimin ziyanı bununla bitmir. Bu cür geyimlər bir sıra digər fəsadlara da yol aça bilər:
— Dəridə qızartı, qaşınma və səpkilər, eləcə də göbələk və bakteriya yaranması üçün əlverişli şərait;
— Aşağı ətraflarda qan dövranının pozulması, şişkinlik və damar genişlənməsi riski;
— Sinə qəfəsinin hərəkətinin məhdudlaşması səbəbindən düzgün nəfəs ala bilməmək və tez yorulma;
— Bud nahiyəsində sinirlərin sıxılması nəticəsində keyimə və yanma hissi;
— Qarın boşluğuna təzyiq səbəbindən qıcqırma, mədə yanması və həzm pozuntuları;
— Dar alt geyimləri ilə bağlı qadın və kişi sağlamlığında iltihab və infeksiya riski;
— Davamlı narahatlıq fonunda gərginlik, əsəbilik və özünəinamın azalması.
Mütəxəssislərin tövsiyəsinə görə, sağlamlıq üçün geyim ölçüyə uyğun seçilməli, tər keçirdən təbii parçalar üstün tutulmalı, gündəlik həyatda bədəni sıxan kəmər və alt geyimlərindən uzaq durulmalıdır. Belə geyimlər yalnız qısa müddətlik və xüsusi hallar üçün münasibdir və dörd-beş saatdan artıq geyinilməməlidir.
Əgər yeməkdən sonra şalvarın düyməsini açmaq istəyirsinizsə, bu, geyiminizin həddindən artıq dar olduğunun və həzmə mane olduğunun açıq göstəricisidir.






