Bəzi xəstəliklərin ilkin əlamətləri gözlənilməz şəkildə ortaya çıxır və insan onları başqa səbəblərlə əlaqələndirir. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin Klinik Tibb İnstitutunun endokrinologiya kafedrasının assistenti, endokrinoloq Anna Teplova qalxanabənzər vəzin pozğunluqlarının çox vaxt başqa xəstəliklərin maskası altında gizləndiyini deyib.

Mütəxəssis izah edib ki, əsasən iki problem mövcuddur: hipotiroidizm (hormonların az ifrazı) və tireotoksikoz, yaxud hipertiroidizm (hormonların artıq ifrazı). Bu iki halın simptomları tam fərqlidir və çox vaxt digər xəstəliklərlə qarışdırılır.

Hipotiroidizmdə dəri quruluğu, saç tökülməsi, dırnaqların tez sınması ilə özünü göstərən “dermatoloji maska” ortaya çıxa bilər. Bundan əlavə, yüksək təzyiq və lipid mübadiləsinin pozulması “kardioloji maska” kimi tanınır. Həzm sistemində qəbizlik və öd ifrazında problemlər isə “qastroenteroloji maska” hesab olunur. Qadınlarda aybaşı dövrünün pozulması, sonsuzluq ehtimalı “ginikoloji maska”ya daxildir. Ən təhlükəli gizli siqnallardan biri isə depressiya ilə təzahür edən “psixiatrik maska”dır.

Tireotoksikoz zamanı isə əlamətlər daha qabarıq olur, lakin onları da stress və ya nevrozla səhv salmaq mümkündür. Bu hal kəskin arıqlama, iştahanın artması, əllərdə titrəmə, həddindən artıq tərləmə, əsəbilik, ürəkdöyünmə və aybaşı dövründə pozuntularla müşahidə olunur.

Teplova əlavə edib ki, boyunda şişkinlik və ya düyünlü nahiyələrin yaranması da ciddi xəbərdarlıq siqnalı ola bilər. Ancaq bunun səbəbini dəqiq müəyyənləşdirmək üçün mütləq həkim müayinəsi, ultrasəs və palpasiya lazımdır.

Ekspertin fikrincə, qalxanabənzər vəz xəstəliklərinin vaxtında aşkar olunmaması həm ürək-damar sistemində, həm də reproduktiv sağlamlıqda ağır fəsadlara gətirib çıxara bilər.

Bu səbəbdən həkim özünü yuxarıda sadalanan simptomlardan hər hansı birini müşahidə edən insanlara vaxt itirmədən endokrinoloqa müraciət etməyi tövsiyə edir.