
Evolution, Medicine, and Public Health jurnalında dərc olunan yeni araşdırmaya görə, bəzi insanlarda baş ağrıları və xroniki miqrenlər neandertallardan miras qalan genlərlə əlaqəli ola bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, beynin inkişafındakı anomaliyalar qədim hominidlərin DNT-si ilə bağlıdır və bu, niyə bəşəriyyətin müəyyən hissəsinin miqrenlərə daha çox meyilli olduğunu izah edir.
Foodinfo.az xəbər verir ki, söhbət Kiarinin I tip anomaliyasından (CM-I) gedir. Bu vəziyyətdə beynin bir hissəsi onurğa beyni kanalına doğru çıxıntı edir, nəticədə baş ağrıları, boyun ağrıları, hətta ağır hallarda nevroloji pozğunluqlar yaranır.
Alimlər 103 müasir insanın kəlləsinin 3D modellərini, eləcə də neandertal, Homo erectus və Homo heidelbergensis qalıqlarını öyrəniblər. Nəticədə məlum olub ki, CM-I sindromlu insanların kəllə quruluşu neandertallara digər qədim insan növlərindən daha çox bənzəyir.
Tədqiqatın aparıcı müəllifi Kimberli Plomp qeyd edib ki, neandertallarda kəllə formasına cavabdeh genlər müasir insanda beynin ölçüsü ilə kəllə qutusu arasında uyğunsuzluq yarada bilər. Onun sözlərinə görə, əgər neandertallar Homo sapiens-in kəllə formasını miras alsaydılar, yəqin ki, oxşar problemlərlə üzləşərdilər.
Alimlər həmçinin vurğulayırlar ki, neandertal DNT-sinin bölgələr üzrə yayılması fərqlidir. Məsələn, Şərqi Asiya əhalisinin genlərinin təxminən 4%-i neandertallara aiddir, Afrikanın yerli sakinlərində isə bu göstərici demək olar ki, yoxdur. Bu səbəbdən CM-I sindromunun Asiyada daha geniş yayılmış olması ehtimal edilir.
Beləliklə, yeni araşdırma insanlarda baş ağrılarının qədim genetik mirasla bağlı ola biləcəyini göstərir.