Tayvan alimləri müəyyən ediblər ki, uzun müddət ekstremal isti hava təsirinə məruz qalmaq yalnız qısa müddətli sağlamlıq problemlərinə səbəb olmur, həm də orqanizmin bioloji yaşlanmasını sürətləndirir. Foodinfo.az xəbər verir ki, yeni tədqiqat göstərir ki, iki il davam edən isti dalğaları insanın həyatından təxminən 12 gün götürür.

Nature Climate Change jurnalında dərc olunan araşdırma 25 minə yaxın insanın 15 il ərzində izlənilməsinə əsaslanıb. Alimlər iştirakçıların bioloji yaşını müəyyən etmək üçün arteriya təzyiqi, iltihab səviyyəsi, xolesterol göstəriciləri, həmçinin ağciyər, qaraciyər və böyrək funksiyalarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, ən çox zərəri açıq havada çalışan fiziki işçilər alır. Onlar üçün iki il davam edən yüksək temperatur 33 gün sürətli yaşlanmaya bərabərdir.

Tədqiqatın baş müəllifi, Honq Konq Universitetindən doktor Cui Gu bildirir: “Əgər anormal isti hava təsiri onilliklərlə yığılarsa, sağlamlığa təsiri çox daha ciddi olacaq.” O, vurğulayıb ki, isti hava zərər baxımından siqaret, spirt və yanlış qidalanma ilə müqayisə oluna bilər.

Alimlər hələ də bu fenomenin dəqiq səbəblərini müəyyən edə bilməyiblər, lakin güman edirlər ki, isti stresi nəticəsində DNT zədələnməsi əsas rol oynaya bilər. Bundan əlavə, yüksək temperatur dolayı yolla sağlamlığa ziyan vurur: havanın keyfiyyətini pisləşdirir və meşə yanğına riskini artırır.