
Gündəlik rasionumuz təkcə bədən sağlamlığımıza deyil, emosional durumumuza da ciddi təsir göstərir. Foodinfo.az xəbər verir ki, Klivlend Klinikasının amerikalı dietoloqu Culiya Zumpano bəzi adi qidaların insanlarda narahatlıq hissini gücləndirə, hətta panik ataklara səbəb ola biləcəyini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, emal olunmuş yarımfabrikatlar, çox yağda qızardılmış yeməklər, şəkər tərkibi yüksək qidalar, kofeinli içkilər və alkoqol psixi vəziyyətə mənfi təsir göstərir. Bu məhsullar həm fiziki formaya, həm də sinir sisteminə yük salaraq gərginliyi artırır və zehni balansı pozur.
Zumpano qeyd edib ki, belə məhsullardan birdən-birə imtina etmək çətin ola bilər, ona görə də qidalanmada dəyişiklikləri kiçik addımlarla etmək daha faydalıdır. Məsələn, kofeinin miqdarını tədricən azaltmaq, evdə yemək hazırlamaq və xüsusi qida gündəliyi aparmaq insanın həm sağlamlığını, həm də emosional sabitliyini qorumağa kömək edə bilər.
Dietoloq həmçinin narahatlığı azaltmağa kömək edən qidaların da olduğunu bildirib. Onların sırasında sakitləşdirici təsirə malik çobanyastığı çayı, triptofanla zəngin meyvə və məhsullar (vişnə, banan, qoz-fındıq), maqniumla zəngin qidalar (yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, tam taxıllı dənli bitkilər) və omeqa-3 yağ turşuları ilə zəngin balıq, çia və kətan toxumu var.
Onun fikrincə, bu cür balanslaşdırılmış pəhriz həm stresslə mübarizədə, həm də ümumi zehni rifahın qorunmasında böyük rol oynayır.