Alimlər tünd şokoladın tərkibində orqanizmin bioloji yaşlanma prosesini yavaşlada bilən xüsusi birləşmə aşkar ediblər. Foodinfo.az bildirir ki, London Kral Kollecinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri Aging elmi jurnalında dərc olunub. Tədqiqat çərçivəsində 1600-dən çox insanın qan analizləri təhlil edilib. Məlum olub ki, qanında teobromin adlı maddənin səviyyəsi yüksək olan şəxslərin bioloji yaşı real yaşlarından daha aşağıdır. Teobromin tünd şokolada xas olan yüngül acı dadı yaradan əsas komponentlərdən biridir.

Mütəxəssislər qeyd edirlər ki, bu maddə hüceyrə səviyyəsində yaşlanma ilə əlaqəli mexanizmlərə təsir göstərə bilər. Araşdırmanın aparıcı müəllifi, epigenomika üzrə professor Cordan Bell bildirib ki, nəticələr tünd şokoladın əsas tərkib hissəsi ilə gəncliyin daha uzun müddət qorunması arasında əlaqə olduğunu göstərir. Onun sözlərinə görə, bu tapıntı daha sağlam qocalma prosesinin elmi əsaslarını anlamağa kömək edir.

Alimlər eyni zamanda şokoladın həddindən artıq istifadəsinin tövsiyə olunmadığını vurğulayırlar. Kəşf daha çox gündəlik qidaların tərkibində sağlam uzunömürlülük üçün potensial açarların gizlənə biləcəyini göstərir. Tədqiqat qrupu gələcək mərhələdə teobrominin təsir mexanizmini daha dərindən araşdırmağı və onun əsasında təhlükəsiz qida əlavələrinin hazırlanıb-hazırlanmayacağını müəyyənləşdirməyi planlaşdırır.